Orxan Əsgərov dəfn edildi – YENİLƏNİB

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

***12:16

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

***11:40

Şəhid baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Globalinfo.az xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabanına aparılır.

***11:11

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

Globalinfo.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.

Hazırda mərhumla vida mərasimi davam edir.

***10:40

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

Globalinfo.az xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir.

Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

***09:10

Azərbaycanın İranda yerləçən səfirliyində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovun cənazisin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılması gözlənilir.Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyyə edilib.