Şəhid ailələri və müharibə əlilləri ilə bağlı iki sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Globalinfo.az bildirir ki, Sərəncama dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

X X X

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb.

Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2025-cü illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək.

Xatırladaq ki, indiyədək bu müddət 2022-ci və 2023-cü illəri əhatə edirdi.