“Səhər” kanalının zəhərli mövqeyi davam edir: Tehran nə etmək istəyir?

İranın “Səhər” dövlət televiziya kanalı ənənəvi antiazərbaycan mövqeyində proqramlar yayımlamaqdadır. Azərbaycan ilə İran arasında münasibətlərin normallaşma mərhələsinə qədəm qoymasına baxmayaraq kanal qərəzli mövqeyindən əl çəkmək istəmir.

Maraqlıdır, “Səhər” televiziya kanalının bu mövqeyinin səbəbi nədir? İran məqsədyönlü şəkildə kanalın bu fəaliyyətini davam etdirməsini istəyir?

Siyasi şərhçi Asif Nərimanlı Globalinfo.az-a deyib ki, İranın Azərbaycana qarşı qərəzli münasibəti bəllidir:

Asif Nərimanlı

“Hərçənd Bakı-Tehran xəttində münasibətlərin yumşalması fonunda əvvəlki aqressiv yanaşmanı davam etdirənlərin olması diqqəti İran daxilindəki anti-Azərbaycan şəbəkəsinə yönəldir. Tehranda səfirliyimizə qarşı törədilən terror aktının arxasında da bu qüvvələr var idi. Hətta Prezident İlham Əliyev də bildirmişdi ki, İran təkcə terrorçunu yox, onun arxasındakı qüvvələri də cəzalandırmalıdır. Yəni rəsmi Bakının da baş verənlərdən xəbəri var.

“Səhər” kanalının yaradılmasında əsas missiya Azərbaycan ictimai rəyində İran maraqlarının müdafiəsi, rəsmi Bakıya qarşı yalan kampaniyasının aparılmasıdır. Sadəcə olaraq, eyni təbliğatın indi də davam etdirilməsi göstərir ki, İran daxilində bəlli qüvvələr Bakı-Tehran xəttində münasibətlərin normallaşmasında maraqlı deyillər. Bu qüvvələr əsasən SEPAH-da təmsil olunanlardır və onların Qərbdə erməni diasporu, lobbisi ilə sıx əlaqələrinin olması haqda da məlumatlar var”.

Turan Rzayev
Globalinfo.az