Türkiyə tarixinin ən kritik seçkisi: böyük bir dövr qapanır – Politoloq

Türkiyədə seçkilərin keçirilməsinə 18 gün qalıb. Müddətin qısalması namizədlər arasında rəqabəti daha da qızışdırıb. 

Maraqlıdır, Türkiyədə seçkilərin nəticəsi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Turab Rzayev deyib ki, bu seçkilər Türkiyə tarixinin ən kritik seçkiləri olacaq:

“Sorğuların nəticələrinə baxdıqda hazırda həm Rəcəb Tayyib Ərdoğanın, həm də Kamal Kılıçdaroğlunun blokunun səs nisbətinin bərabər olduğunu görmək olar. Lakin sorğuların nəticələrindən asılı olmayaraq deyə bilərəm ki, Ərdoğan qalib olacaq. Mümkündür ki, o, 52% kimi cuzi bir hesabla qələbə qazansın.

Namizədlər ilk turda qələbə qazanmayacağı və ikinci tura qalacağı təqdirdə seçkilərin çətin keçəcəyini deyə bilərəm”.

Politoloqun sözlərinə görə, prezident seçkilərinin nəticəsindən fərqli olaraq parlament seçkilərindən sonra daha rəngərəng bir Türkiyə parlamenti görəcəyik:

“Hesab edirəm, parlament seçkilərindən sonra müxalifətin gücü parlamentdə artacaq. Bu isə öz növbəsində yeni və fərqli bir parlament tərkibi deməkdir.

Seçkilərə az bir müddətin qaldığını nəzərə alsaq, dəyişikliklərin də olduğunu vurğulamaq lazımdır. Misal üçün Muharrem İncə buna ən yaxşı örnəkdir. İncə hazırda Ərdoğan və Kılıçdaroğlu ilə başa-baş rəqabət aparır. Onun birdən-birə bu qədər güclənməsi və nüfuz qazanması gözlənilməz oldu. Digər tərəfdən Sinan Oğan faktorunu da unutmamaq lazımdır.

Ümumiyyətlə, Sinan Oğan gələcəyin namizədidir. Bunu özü də etiraf edir, çünki həm mübarizəyə gec qoşuldu, həm də özünü istənilən səviyyədə tanıda bilməyib”.

T.Rzayev hesab edir ki, bu seçkilər həm də bir çox siyasətçinin son seçkisi olacaq:

“Hesab edirəm, Kamal Kılıçdaroğlu, Dövlət Baxçalı, Meral Akşener kimi siyasətçilər üçün bu seçkilər sonuncudur. Yəni növbəti seçkilərdə bu şəxsləri görməyə bilərik”.

Turan Rzayev
Globalinfo.az