Jurnalist Səbuhi Məmmədli dəfn edildi – FOTOLAR

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dəfn olunub.

Globalinfo.az bildirir ki, Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, çalışdığı “APA Media Group”un rəhbərliyi, media nümayəndələri iştirak edib.

Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli, gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayıb.

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb.

Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.

Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.



***14:23

Jurnalist Səbuhi Məmmədli ilə Ucar rayonunun Müsüslü kəndində vida mərasimi keçirilib. O, kəndin qəbiristanlığında dəfn ediləcək.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində Azərbaycan Mətbuat Şurasının, Media Agentliyinin nümayəndələri və  APA Media GRUP-un rəhbərliyi iştirak edib.

Lent.az-a istinadən dəfn mərasimindən fotoları təqdim edirik:

***10:12

Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən jurnalist Səbuhi Məmmədlinin nəşi Ucar rayonuna aparılıb.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, o, bu gün Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.

Qeyd edək ki, 54 yaşlı jurnalist şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

Allah rəhmət eləsin!