Şavkat Mirziyoyev Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi – FOTOLAR

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Globalinfo.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoydu.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

X X X

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.