Bakıdan xahiş etdilər: “Bizə vaxt verin, Ordu girməsin”

“Xankəndidəki aksiya sanki 1980-ci illərin sonlarında Qarabağda keçirilən mitinqlərin davamıdır: yalan, böhtan və “yazıq hay” etnosu obrazı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, mitinqin Mişel-Əliyev-Paşinyan görüşü ərəfəsində təşkili təsadüfi deyil:

“Regional dairələr Qərbdə hər hansı sənədin imzalanmasını özləri üçün qəbuledilməz hesab edirlər. Erməni tərəfi isə beynəlxalq hüquq kartından istifadə edə bilməyəndən sonra B planına əl atmış oldu.

Müəyyən mülahizələrə görə, Blinken cari ilin sonuna qədər tərəflər arasında yekun sənədin imzalanmasını gözləyir və tərəfləri eskalasiyadan uzaq olmağa çağırır. Əlbəttə, beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Qarabağda lokal hərbi əməliyyatlar keçirmək mümkündür və ona görə də müxtəlif dairələr Bakıdan, heç olmasa, ilin sonuna qədər səbirlə gözləməyi xahiş edə bilərlər.

Beləcə aydın olur ki, hazırkı vəziyyətdə bölgədə gələcək proseslərdə iştirak etmək məhz Azərbaycanın maraqlarının nəzərə alınmasından keçəcək. Beynəlxalq və regional aktorlar mütləq şəkildə separatizmi kökündən kəsmək üçün Azərbaycanın gələcəkdəki addımlarına səsli və ya səssiz dəstək olmalıdırlar. Rəsmi Bakı danışıqların nəticələrini gözləyir, lazım gələrsə, bir neçə ay da səbir nümayiş etdirə bilər, ancaq bunun müqabilində tutarlı əsaslar görməlidir”.

Turan Rzayev
Globalinfo.az