Şamaxıda turistlər qəzaya düşdü: yaralılar var – YENİLƏNİB

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.

Faktla bağlı araşdırma aparılır.

***13:17

Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un Yuxarı Şirvan bürosu xəbər verir.

Belə ki, tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.