Azərbaycanda bəzi alıcılar Salyanda yetişdirilən pomidorları “özbək məhsulu” adı ilə alırlar. Bu barədə sosial mediada iddialar yayılıb. Məlumata görə, bəzən belə pomidorlar istehlakçılara “əfsanəvi dad” adı altında da satılır.
İnsanları bu adla aldatmaq nə dərəcədə doğrudur? Ümumiyyətlə, niyə “özbək pomidoru” adın eşidəndə əksəriyyət onu almaq istəyir? Yerli pomidorlarımıza maraq niyə azdır?
Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, pomidorların arasında ən çox seçilən sortlardan biri “özbək” və “Pink Champion” növləridir:
“Ticarətçilər bu pomidorları adətən “göytum” adlandırırlar. Bu sortların üstünlüyü onların yüksək umami dadına malik olmasıdır. Umami şirin, turş, duzlu və acı ilə yanaşı əsas dad növlərindən biridir və insanda xüsusi ləzzət hissi yaradır. Ümumiyyətlə, bütün pomidorlarda umami mövcuddur, sadəcə onun səviyyəsi fərqlənir. “Özbək” və “Pink Champion” sortlarında bu göstərici daha yüksəkdir. Məhz buna görə də bu pomidorlar illərdir bazarda alıcıların seçimində ön sıralarda yer alır. Zirə pomidoru da dad xüsusiyyətlərinə görə seçilən sortlardan olub. Lakin bu gün bazarda satılan məhsulların nə qədərinin həqiqi Zirə pomidoru olduğu mübahisəlidir. Çox vaxt “Zirə” adı ilə satılan pomidorların qabığı qalın olur, çeynənməsi çətinləşir, su tərkibi isə az olur. Bu da onun keyfiyyətinə təsir göstərir. Eyni vəziyyət çerri pomidorlarında da müşahidə olunur. Çerri pomidorları ənənəvi yerli sortlara aid olmasa da, bazarda ən çox satılan məhsullardan biridir. Keyfiyyətli çerri pomidorunun qabığı nazik, su tərkibi yüksək, dadı isə ləzzətli olur. Ancaq bazarda qalın qabıqlı, az şirəli və keyfiyyəti aşağı olan çerri pomidorlarına da rast gəlinir”.
Ağa Salamov
Ekspert bildirib ki, Azərbaycanda Qazax, Şəmkir, Göyçay və Xaçmaz pomidorları ən dadlı yerli sortlar hesab olunur:
“Əslində qida dəyəri baxımından da yerli pomidorlar daha zəngin məhsullardır. Lakin təbii üsullarla yetişdirildikləri üçün bazarda onların payı bəzən azalır. Mən demirəm ki, “özbək” və ya “Pink Champion” sortları alınmamalıdır. Bu sortların da öz alıcısı var. Son illər Azərbaycanda keyfiyyətli və fərqli dad axtaran istehlakçıların, yəni qurmanların sayı artır. Buna görə də “Fujemar” və “Paradays” kimi xarici sortlara maraq yüksəlir. Dad və bazar dəyərinə görə adətən ilk sırada “özbək” sortu, sonra “Pink Champion”, daha sonra isə “Fujemar” və “Paradays” gəlir.
Lakin Göyçay və ya Xaçmaz pomidorları bazara daxil olduqda bu xarici sortlara tələbat azalır, qiymətlərdə enmə müşahidə edilir. Xüsusilə Xaçmaz pomidoru dönərxanalar və ictimai iaşə obyektləri tərəfindən geniş istifadə olunur. Xarici və premium sortlar isə daha çox salatlarda, tərəvəz süfrələrində və xüsusi təqdimatlarda istifadə edilir”.
Sözügedən pomidor
Ekspertin sözlərinə görə, yerli məhsulların alınması daha məqsədəuyğundur:
“Bu, həm qida keyfiyyəti, həm də iqtisadi baxımdan vacibdir. Yerli istehsalın inkişafı ilə yanaşı, ənənəvi toxumların qorunub saxlanılması da böyük əhəmiyyət daşıyır. Çünki həm bu toxumlara, həm də onlardan yetişdirilən məhsullara bazarda hər zaman tələbat var”.
Ləman İmran
Globalinfo.az