Salyanda əməliyyat: RMX-nin şöbə müdiri cinayət məsuliyyətinə cəlb edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri ifşa olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Xanış Abbasovun əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə əldə edilmiş ilkin sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.