Sakinlər avtomobili park edən kimi, cərimə yazılır – VİDEO

“Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospektində dayanma və durmanı qadağan edən 3.27 nışanı quraşdırılıb. Bu, həmin əraziyə gələn sürücüləri narahat edir”.

Bu sözləri Globalinfo.az-a həmin ərazidə yaşayan izləyicimiz Tural Qocayev deyib.

O bildirib ki, Bayıl sakinləri, həmçinin yaxınlıqda olan klinikaya, parka gələn şəxslər həmin nişanın oradan qaldırılmasını tələb edirlər.

İzləyicimiz deyir ki, nişan quraşdırılan yer parkın qarşısı olduğu üçün adətən hər kəs avtomobilini orada saxlayır, lakin bu nişandan sonra orada avtomobil saxlayan zaman dərhal şəklini çəkib cərimə tətbiq edirlər.

Məsələ ilə bağlı Globalinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı sakinlər adıçəkilən quruma müraciət edə bilərlər:

“Bayıl parkının ətrafında M.Hüseynov prospektində hərəkət istiqamətində yolun sol kənarında, eləcə də parkın Mirzə Mustafayev küçəsində yolun hərəkət hissəsinin sağ kənarında nəqliyyat vasitələrinin parklanması mümkündür.

Parka istirahətə gələn vətəndaşlar nəqliyyat vasitələrinin qeyd olunan yerlərdə səkiyə paralel formada park edə bilərlər. Park ətrafında yolun hər iki kənarında nəqliyyat vasitələrinin park edilməsi nəqliyyatın rahat və maneəsiz hərəkətini çətinləşdirir”.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az