Sahibkarlığın İnkişafı Fonduna ilk dəfə reytinq verildi

“Standard and Poor’s” (“S&P) beynəlxalq reytinq agentliyi İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) uzun və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib.

Globalinfo.az SİF-ə istinadən xəbər verir ki, bu, Fonda verilən ilk reytinqdir.

“S&P yaxın gələcəkdə SİF-in reytinqinin “Sabit” qalacağını proqnozlaşdırır. Bununda SİF “S&P”dən ilk dəfədən yüksək reytinq almış qurumlardan biri olub.

“SİF-in ölkə iqtisadiyyatının inkişafında əvəzolunmaz rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi müsbət qiymətləndirilib. Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub”, – deyə agentlik bəyan edub.

“Reytinqin alınmasında əsas məqsəd qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, Fondun cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi üçün uyğun zəmin yaratmaqdır”, – deyə SİF bəyan edib.

SİF ölkə prezidentinin 31 iyul 2018-ci il tarixli fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fondun başlıca məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələri təşviq etmək, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır. SİF 30 illik fəaliyyət dövründə 39 220 layihənin maliyyələşdirilməsi məqsədilə 29 310 sahibkarlıq subyektinə 2,8 milyard manat kredit verib.