Sahibə Qafarova Yevlax görüşündən gözləntilərini açıqladı

“Ümid edirəm ki, bu gün Yevlaxda keçirilən dialoq erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcək”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Spiker sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını iştirakçıların nəzərinə çatdırıb.

O bu təxribatlara cavab olaraq ölkəmizin regionda lokal antiterror tədbirlərinə başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurğulayıb.

S.Qafarova bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Milli Məclisin sədri erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayacaq dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.