Sahibə Qafarova Raşid Talbi El Alami ilə görüşdü

Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən xəbərə görə, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycanın qardaş ölkə olduğunu bildirib və Azərbaycanı öz suverenliyini bərpa etməsi münasibətilə təbrik edib.

Raşid Talbi El Alami ölkəmizə səfərləri çərçivəsində 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Bakı konfransında və 2023-cü ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırladıb. Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınaraq, parlamentlərimizin iqlim dəyişiklikləri üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Raşid Talbi El Alami Azərbaycanın bu tədbirə ev sahibliyi etmək hüququ əldə etməsi münasibətilə öz təbriklərini çatdırıb.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova deyib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

O, hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Mərakeş tərəfinə təşəkkürünü ifadə edib. Milli Məclisin sədri vurğulayıb ki,hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. O, ümid etdiyini bildirib ki, saziş tezliklə imzalanacaq.