“COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün böyük bir uğurdur. Həm Azərbaycan, həm də Türk dünyasının qürur mənbəyidir”.
Bu sözləri Globalinfo.az-a Bakıda keçirilən COP29 tədbiri zamanı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
O, COP tədbirinin hər ölkədə keçirilmədiyini qeyd edib:
“Hər ölkə COP tədbiri keçirə bilməz. Lakin Azərbaycanın beynəlxalq aləmdəki uğurları hər kəsə məlumdur. 4 il əvvəl Vətən müharibəsində qalib olan Azərbaycan bu gün 10 minlərlə qonaq qəbul edir. Dünyanın ən böyük problemi olan iqlim dəyişikliyi insanların gələcəyini təhlükə altına atır. Bunun Azərbaycanımızda müzakirə edilməsi və çıxış yolu axtarılması doğrudan da ölkə üçün böyük bir uğurdur. Bunlar hamısı ilk növbədə Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Əliyevanın, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və komandasının böyük uğurudur. Millətlərarası tədbirlərin təşkili heç də asan məsələ deyil. Bu gün burada olan qonaqların məmnuniyyəti Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gəlir. COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünyada bir başqa aspektdən tanınması üçün böyük fürsətdir. Əməyi keçən hər kəsi təbrik edirəm. Asan deyil, amma Azərbaycanımız öhdəsindən gələcək. İlham Əliyev nəyi nə zaman etməyi yaxşı bilir”.
H.Kılıç COP29-dan gözləntilərini dilə gətirib:
“Gündən-günə iqlim dəyişikliyi problemi artmaqdadır. Bilirsiniz, İspaniyada, Avstraliyada sel fəlakətləri yaşanır. İnsanlar isə bundan zərər görürlər. İnsanlar iqlim dəyişikliyi səbəbilə pul xərcləmiş olurlar. İnsanları təhdid edən bir məsələni Azərbaycanda müzakirə edilməsi doğrudan da böyük uğur və imicdir. COP tədbirini keçirmək böyük uğurdur. Azərbaycan Prezidentinin, xalqının uğurudur”.
Zaira Akifqızı
Globalinfo.az