Sabiq nazirin prezidentliyə namizədliyi qeydə alınmadı – SƏBƏB

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədlərin imzatoplama prosesi başa çatıb.

Fikrət Yusifov 

İqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində iştirak etmək məqsədilə keçən il dekabr ayının 23-də Mərkəzi Seçki Komissiyasına namizədliyinin təsdiq olunması üçün tələb olunan sənədlər təqdim edilib:

“Sənədlərin təqdimatı prosesində heç bir maneəyə rast gəlmədik. Mərkəzi Seçki Komissiyası dekabr ayının 26-da mənim namizədliyimin təsdiq olunmasına dair qərar qəbul etdi. Bir gün sonra, yəni dekabr ayının 27-də isə seçkidə iştirak etmək üçün qanunla tələb olunan sayda imzanın toplanması məqsədilə bizə imza vərəqələri verildi və ölkənin regionları üzrə təyin etdiyimiz təşəbbüs qrupları 60 seçki dairəsindən imza toplanmaq üçün hərəkətə keçdi. Lakin təəssüf ki, lazım olan sayda imza toplaya bilmədik. Bu səbəbdən imzatoplama müddətinin başa çatdığı vaxtda imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilmədik.

Qeyd etməliyəm ki, seçkidə iştirak üçün lazım olan sayda imzaları toplaya bilməsək də, bütövlükdə seçkilər üçün imzatoplama prosesində yaxşı təcrübə qazandıq. Hesab edirəm, bu təcrübə bizə gələcək seçkilərdə lazım olacaq”.

Safura Bənnayeva
Globalinfo.az