Sabiq nazir prezident seçkilərinə qatılır – BƏYANAT

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov 7 fevral 2024-cü il tarixində keçiriləcək Prezident seçkilərinə qatılacaq.

Globalinfo.az bildirir ki, bu barədə sabiq nazirin özü məlumat verib.

Onun sözlərinə görə, Qarabağ Zəfərini əldə etmiş xalqımızın yeni dönəmdə daha yaxşı həyat tərzinin təmin edilməsi, ölkədə iqtisadi islahatların necə reallaşdırılmasından bilavasitə asılı olacaq:

“Ölkə iqtisadiyyatının yüksəlişini təmin edə biləcək iqtisadi islahatlar proqramımızın məhz seçki tribunasından səsləndirilməsinin daha məsuliyyətli bir addım olacağına inanaraq, 2024-cü ilin fevral ayının 7-də keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldim. Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini boykot edənlər, orada iştirakdan imtina edənlər bilsinlər ki, biz cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq”.

Fikrət Yusifov

F.Yusifov deyib ki, seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər:

“Biz bu seçkilərə Vətən sevgimizi reallaşdırmaq üçün gedirik, biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhvə verə bilmək üçün gedirik, biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq üçün gedirik! İnanıram ki, xalqımız kirli, məkirli “siyasilərin” prezident seçkilərinə qara yaxmaq istəyənə fevral ayının 7-də keçiriləcək Zəfər seçkilərinə bir nəfər kimi qatılmaqla cavab verəcəkdir. Tanrı xalqımızı qorusun!”