Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.