Saakaşvilini bu günlərə qoyan iki talesiz səhv – Gürcüstandan açıqlama gəldi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikasından görüntüləri yayılıb. Görüntülərdən onun səhhətinin yaxşı olmadığı açıq şəkildə bəlli olur. Bununla belə, Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, M.Saakaşvili səhhətini mümkün qədər çətinləşdirmək və azadlığa çıxmaq üçün özünü şikəst etməklə məşğuldur.

Maraqlıdır, Mixail Saakaşvili hazırkı vəziyyətə düşəcək hansı səhvləri buraxdı? Onu Gürcüstana gətirən səbəb nə oldu? Nə üçün dünya onun mövcud vəziyyətinə səssiz qalır?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov deyib ki, hakimiyyət nümayəndələri və onların ipli kuklaları günü-gündən özlərini gülünc vəziyyətə salaraq Gürcüstanı dünyada biabır edirlər:

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yayılan görüntüləri bir daha onun vəziyyətinin nə qədər ağır olduğunu sübut edir. Onun hər bir şəraitinin olduğunu bəyan edən gülünc hakimiyyət bu gün onun həyatını həll edəcək məhkəməyə qoşulmasına belə mane olur. Buna səbəb kimi kompüter və telefonun olmamasını deyir. İnsan bilmir bunların ağılsız bəhanəsinə əsəbiləşin, yoxsa, bir kompüter təşkil edə bilməməsinə.

Biz də xalq olaraq öz iradəmizi, birliyimizi göstəririk. Özümüzün, balalarımızın gələcəyi üçün mübarizəni davam etdiririk. Sağlam, demokratik, inkişaf etmiş ölkədə yaşamaq üçün sosial mediada, televizorda, meydanlarda öz gələcəyimizə sahib çıxmağa çalışırıq.

O ki qaldı Mixail Saakaşvilin vəziyyətinə dünyanın səssiz qalmasına, deyə bilərəm ki, artıq Avropa Parlamenti, dünya ictimaiyyəti və bəzi diplomatik korpus nümayəndələri hakimiyyətə layiqli reaksiyanı verib. Dekabrın 13-də Strasburqda Avropa Parlamentində Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya Sazişinin icrası ilə bağlı debat keçirilib və həmin debatda avropalı deputatlar Gürcüstandakı daxili siyasi vəziyyətlə bağlı tənqidi bəyanatlarla çıxış ediblər”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, M.Saakaşvili Gürcüstan üçün misilsiz xidmətləri olmuş önəmli şəxsdir:

“Həmin videoları mən də gördüm və deyə bilərəm ki, Saakaşvili kimi bir şəxsin belə acınacaqlı vəziyyətə düşməsi təəssüf doğurur. Saakaşvili Gürcüstana qayıtmaya bilərdi. Onun Avropada kifayət qədər yaxşı rahat həyatı vardı. O, bu həyatı xalqı üçün geridə qoyub vətəninə qayıtdı.

Saakaşvilinin ən böyük səhvi kimi onun Gürcüstana qayıtmasını göstərmək olar. O düşünürdü ki, xalq onu bağrına basacaq, dəstəkləyəcək və o yenidən hakimiyyətə gələcək. Lakin etiraf etmək lazımdır ki, Gürcüstanda heç də hər kəs onu sevmir və yenidən lider kimi görmək istəmir.

Xüsusilə də Gürcüstan-Rusiya müharibəsinin yaraları hələ tam sağalmayıb. Gürcü xalqı həm də bu səbəbdən Saakaşvilinin hakimiyyətə qayıtmasına isti baxmır.

Lakin o, hələ də ölkəsində ciddi fiqur olaraq görülür. Hakimiyyət də ondan ehtiyat edir. Buna görə də onun azadlığa çıxması hələlik mümkün görünmür”.

Turan Rzayev
Globalinfo.az