“Saakaşvili yalnız bu halda azad ediləcək” – Bokeriya

Vahid Milli Hərəkat Partiyası prinsip və dəyərlərə əhəmiyyətin verilmədiyi gücə çevrilib.

Globalinfo.az bildirir ki, bunu Avropa Gürcüstanı Partiyasının lideri Giqa Bokeriya deyib.

Onun sözlərinə görə, hazırda partiya daxilində güclü qarşıdurma gedir və hər kəs Saakaşviliyə nə qədər sadiq olduğunu göstərməyə çalışır. Bokeriya həmçinin Prezident Salome Zurabişvilinin eks-prezident Mixail Saakaşvilini əfv etməyəcəyini bildirib. Partiya rəhbəri bunu Zurabişvilinin “Bidzina İvanişvili rejiminin məhsulu” olması ilə əsaslandırıb:

“İvanişvili Saakaşvilini yalnız onun Gürcüstan siyasətinə qarışmayacağı halda azad edəcək. Bu, ölkə üçün faciəvi tarixdir. Eks-prezidentin vəkili Xaçapuridze deyir ki, Saakaşvilini artıq Gürcüstan siyasəti maraqlandırmır”.

Qeyd edək ki, son zamanlar Gürcüstan müxalifəti dərin böhran içindədir. Saakaşvilinin həbsindən sonra müxalifətin lokomotivi sayılan Vahid Milli Hərəkatda parçalanma güclənib. Partiyanın sədri Nika Meliyanın saxlanılması isə bu parçalanmanı bir qədər də gücləndirib. Xüsusilə partiyada rəqabət yenilikçilərlə konservatorlar arasında gedir ki, bundan da iqtidar maksimum yararlanır. Ana müxalifətdə yaşanan tənəzzül dolayı yolla digər müxalif partiyalara da təsir göstərir. Üstəlik, Saakaşvilinin son zamanlar həbsxanadan müəmmalı açıqlamalar verməsi də partiyanı bir qədər də zəiflədib və onun ətrafındakı dəstəkçilərinin sayını azaldıb. Bu isə son zamanlar Qərbdən böyük təzyiqlərə məruz qalan İvanişvili və onun maliyyələşdirdiyi Gürcü Arzusu Partiyası üçün geniş imkanlar formalaşdırır.

İlkin
Globalinfo.az