Rusiyalı turistlərə Şengen vizalarının verilməsinin dayandırılması Avropa İttifaqının turizm sektoruna mənfi təsir göstərə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Art-Tur” şirkətinin baş direktoru Dmitri Arutyunov bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının siyasi qərarları bir sıra ölkələrin turizm gəlirlərinin azalmasına səbəb olacaq.
“Onlar siyasi bəyanatlar verərkən turizm sənayesinin iqtisadi vəziyyətini unudurlar. Halbuki sözügedən sahə hazırda özünün ən yaxşı dövrünü yaşamır”, – deyə Arutyunov bildirib.
Ekspert bildirib ki, beynəlxalq turizm sərgilərində iştirak edərkən Avropa turizm nümayəndələrinin rusiyalı turistlərin qayıdışını səbirsizliklə gözlədiklərinin şahidi olur. Onun sözlərinə görə, bu, xüsusilə rusiyalı turistlərin çox səfər etdiyi Avropa İttifaqı ölkələri – Yunanıstan, Fransa, İtaliya və İspaniya üçün aktualdır.
“İnsanlar səviyyəsində hamı rusiyalı turistləri qəbul etməyə hazırdır. Lakin onlar Avropa İttifaqının ümumi siyasətinin girovuna çevriliblər. Bir çoxu bundan narazıdır, amma artıq başladılan prosesi geri çevirmək imkanları yoxdur”, – deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası tərəfindən Rusiya vətəndaşlarına turistik vizaların verilməsinin dayandırılması məsələsinin nəzərdən keçirildiyi bildirilib. Bununla belə, ekspertlər Cənubi Avropa ölkələrinin mövqeyi səbəbindən tam qadağanın tətbiqinin çətin olacağını qeyd edirlər.
Əliyar Xəlil