Rusların çıxdığı deyilən Xocalı aeroportunda son durum – Hərbi ekspertdən vacib açıqlama

Aprelin 14-dən başlayaraq Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edir. Onların qərargahları Xocalı şəhərində yerləşirdi. Xocalı aeroportu da rus hərbçilərin nəzarətində idi.

Ruslar oradan çıxdıqdan sonra Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçdi. Bu mühüm infrastrukturun vəziyyəti necədir? İşlək durumdadırmı? Fəaliyyətə nə zaman başlayacaq?

Əslən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a deyib ki, ruslar nəinki erməni işğalı zamanı Xocalıda baza qurmuşdular, hətta kilsə tikib, bəzi tarixi şəxsiyyətlərinə heykəllər ucaltmışdılar.

Deputatın sözlərinə görə, Xocalı erməni işğalından azad olunduqdan dərhal sonra aeroport Azərbaycan Hava Yolları tərəfindən nəzarətə götürüldü:

Elman Məmmədov

“Lakin məlum olduğu kimi, rusların orada yerləşməsi səbəbindən hava limanı fəaliyyət göstərmirdi. İndi artıq sülhməramlılar ərazini tərk edib. Onlar yalnız aeroport ərazisində deyil, Xocalının böyük hissəsində idilər. Ən güclü qərargah bazaları Xocalıda idi”.

Deputat deyib ki, artıq Xocalıda rus qoşunu yoxdur:

“Xocalıya, Xankəndiyə, Şuşaya – işğaldan azad edilmiş bütün ərazilərə böyük qayıdış, əhalinin məskunlaşması başlayır. Bu səbəbdən də hesab edirəm ki, yaxın vaxtlarda, yəni bir neçə aya Xocalı hava limanı da normal fəaliyyətinə başlayacaq”.

Hərbi ekspert Ədalət Verdiyev hələlik Xocalı aeroportunun tam şəkildə boşaldılmasına dair məlumatların mövcud olmadığını bildirib:

Ədalət Verdiyev

“Proses başlayıb və yaxın aylarda rus kontingentinin hamısı Azərbaycan ərazilərini tərk edəcək. Düşünmürəm ki, Xocalı aeroportu ilkin mərhələdə boşaldılsın. Çünki Rusiya kontingentinin komandanlığı və idarəetmə heyəti Xocalı aeroportu ərazisində yerləşir. Ərazilərin boşaldılmasını, rus kontingentin oradan çıxarılmasını da məhz bu qüvvələr həyata keçirir”.

Ekspert Xocalı aeroportunun istifadəyə veriləcəyi tarixi açıqlayıb:

“Sentyabr ayından sonra Xocalı aeroportu Azərbaycanın tam nəzarətinə və istifadəsinə keçəcək. Məhz o zaman Xocalı aeroportu da digər hava limanları kimi fəaliyyətini bərpa edəcək”.

Zaira Akifqızı
Globalinfo.az