Rusları Qarabağdan necə çıxaraq? – Səməd Seyidovun şərhi

Son günlər rus sülhməramlılarının separatçılara verdiyi dəstək ilə əlaqədar olaraq Rusiya-Azərbaycan münasibətlərində gərginlik yenidən pik həddə çatıb. Rəsmi Moskva faktiki olaraq müvəqqəti səlahiyyət bölgəsində erməni separatçılara açıq və sistemli dəstək verir.

Laçın koridoruna paralel yollarda ermənilərə məxsus kolonlar, Rusiya sülhməramlılarına məxsus hərbi zirehli texnikaların müşayiəti ilə hərəkət edir. Bu haqda Caliber.az saytı video yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında hadisə ilə bağlı Rusiyanın ünvanına sərt ifadələr yer alıb.

Maraqlıdır, rəsmi Bakı indiki məqamda hansı addımları atacaq? Sülhməramlı adı ilə Qarabağa yerləşmiş Rusiya hərbi kontingenti Azərbaycanın tələbi ilə çıxarıla bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, bir neçə gün öncə Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha göstərdi ki, situasiyadan asılı olmayaraq biz öz ərazi bütövlüyümüzü müdafiə etmişik, bundan sonra da edəcəyik:

“Haqq işimizi icra etməyimizin qarşısında nə erməni separatçıları, nə də sülhməramlı adı altında fəaliyyət göstərən Rusiya hərbi kontingenti dayana bilməz.

Rəsmi Bakı 10 Noyabr Bəyanatına sadiqdir və orada göstərilən müddəaları beynəlxalq hüquqa görə də icra edib. Biz iki ildən çoxdur ki, üçtərəfli sazişin müddəalarını qarşı tərəfin də diqqətinə çatdırıb icrasını tələb edirik. Misal üçün, bu gün işğaldan azad edilən ərazilərin bərpa prosesi gedir. Yollar tikilir, infrastruktur yenidən qurulur. Bundan başqa Milli Məclis xüsusi nümayəndə təyin edir ki, erməni icması ilə dialoq qurulsun, görüşlər keçirilsin.

Yəni göründüyü kimi, yenə biz Qarabağda yaşayan ermənilərə daxili məsələmizin konstruktiv danışıq yolu ilə həllini təklif edirik. Lakin təəssüf ki, qarşı tərəfdən gözlədiyimiz davranışı görə bilmirik. Nə separatçıların, nə də onlara dəstək verən havadarların etdikləri bizi narahat edir. Biz 44 günlük müharibə ilə gücümüzü, qüdrətimizi hər kəsə sübut etdik. Lazım gələrsə, separatçılara bunu bir daha sübut də bilərik.

Cənab Prezidentin dediyi kimi, “biz heç kəsin qarşısında əyilməyəcəyik”.

Turan Rzayev
Globalinfo.az