Ruslar hazırlaşırlar: “Ukraynada uduzduq, Putinin yerinə gələn şəxsi…”

Rusiyada ordu daxilində Priqojin-Şoyqu qarşıdurması özünü digər sahələrdə də göstərməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə bu fonda ultramillətçilər sürətlə aktivləşərək, Rusiya hakimiyyətinə qarşı geniş kampaniyaya start veriblər. Bunun nəticəsi olaraq həmin qruplar Qəzəbli Vətənpərvərlər Klubunun yaradıldığını elan ediblər. Klubla bağlı yayımlanan videoda onun sıralarında xüsusilə Rusiyanın Donbasda aktiv istifadə etdiyi simalar yer alıb. Belə ki, bu şəxslər arasında qondarma “donetsk xalq respublikasının” keçmiş “müdafiə naziri” İqor Qirkin, rusiyalı jurnalist Maksim Kalaşniko və Donetskin Rusiya işğalı dönəmindəki qubernatoru Pavel Qubarev yer alıb.

Təqdimat videosunda klub üzvləri Rusiyanın Ukraynada apardığı kampaniyanı kəskin tənqid ediblər. Onlar Rusiyanın məğlubiyyətdən məğlubiyyətə doğru getdiyini bildiriblər. İqor Qirkin isə açıq şəkildə Rusiyanın artıq Ukraynada məğlubiyyətə doğru irəlilədiyini söyləyib.

Ən maraqlı iddialarla isə Maksim Kalaşnikov çıxış edib. O, Ukraynadakı hərbi kampaniyanın ən pis ssenari üzrə inkişaf edəcəyi halda təşkilatın Rusiyanın müdafiəsinə qalxmalı olduğunu qeyd edərək, onun əsl yaradılma səbəbini ortaya çıxarıb. Üstəlik, Kalaşnikov Ukraynadakı məğlubiyyətdən sonra ölkədə hansısa qərbyönlü çevriliş baş verəcəyi halda ordudakı ən sağlam qüvvələri öz təşkilatları daxilində birləşdirərək, onu devirməli olacaqlarını deyib.

Qeyd edək ki, hər üç şəxs ultrasağçıların nümayəndələri sayılırlar. Bu simaların müxtəlif zamanlarda “Vaqner”in rəhbəri sayılan Priqojinlə müəyyən əlaqələri olduğu müəyyən edilsə də, ümumilikdə onların hamısı Kremlə bağlı olublar. Yayımlanan video, eləcə də buradakı simaların açıqlamaları Moskvadakı müxtəlif qüvvələrin artıq Ukraynadakı məğlubiyyət halında nə olacağı ilə bağlı müxtəlif ssenarilərə sahib olduqlarını göstərir. Bu isə onların baş verəcəklərə indidən hazırlaşdığını nümayiş etdirir.

İlkin Həsənov
Globalinfo.az