samir aksiya 1

“Şuşa-Laçın yolunun bir hissəsində davam edən etiraz aksiyaları demək olar ki, öz məqsədinə çatıb. Artıq dördüncü gündür ki, davam edən aksiyalar Rusiya, Ermənistan və beynəlxalq ictimaiyyətdə ciddi səs gətirməyi bacarıb. Bir daha hər kəs başa düşdü ki, Azərbaycan ortaya prinsipial mövqe qoyub və geri addım atmayacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Samir Hümbətov bir neçə gündür Şuşa-Laçın yolunun bir hissəsində “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyalarının nəticəsinin necə olacağı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Azərbaycanı 10 noyabr bəyanatını müddəalarını pozmaqda, hətta beynəlxalq hüquqa zidd addım atmaqda günahlandırır:

“Ermənistanın bu cür əsassız ittihamlarına biz öyrəşmişik. Hesab edirəm rəsmi İrəvanın nə deməsinin bizim üçün heç bir əhəmiyyəti olmamalıdır. Azərbaycan vətəndaşlarının keçirdiyi aksiya və səsləndirdiyi istəklər həm ölkə qanunlarına, həm də beynəlxalq hüquqa uyğundur. Heç bir ölkə Azərbaycan vətəndaşına öz vətənində aksiya keçirdiyi üçün nə irad bildirə, nə də ittiham edə bilməz”.

Politoloqun sözlərinə görə, Rusiya sülhməramlıları bizim səbrimizi yoxlayır:

“Bildiyiniz kimi, sülməramlılar aksiyanın keçirildiyi əraziyə əlavə qüvvə gətirib və hərbçilərin qalması üçün konteynerlər quraşdırıb. Bu, açıqca “geri çəkilməyəcəyik” mesajıdır. Lakin aksiya iştirakçılarının da sayı günbəgün artır və nəzərə almaq lazımdır ki, bura Azərbaycan ərazisidir. Yəni sülhməramlı kontingentin imkanları heç də bizimlə bərabər səviyyədə deyil.

Hesab edirəm, aksiya iştirakçılarının tələbləri qarşıdakı günlərdə yerinə yetiriləcək. Məsələ ondadır ki, artıq Qarabağda ermənilər mövcud vəziyyətdən ciddi şəkildə narazıdırlar. Çünki sülhməramlılar faktiki olaraq onları blokada şəraitində saxlayırlar.

Azərbaycan isə öz növbəsində bütün olanlara baxmayaraq, Qarabağda yaşayan ermənilərə humanitar yardım etməyə hazır olduğunu bildirdi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: