Əsirlikdən buraxılacağı deyilən Ruslanın atasından ilk AÇIQLAMA

Ermənistanın İstintaq Komitəsi yolu azaraq Ermənistanla şərti sərhədi keçən və ermənilər tərəfindən saxlanılan Ordumuzun hərbi qulluqçusu Ruslan Eldəniz oğlu Pənahov haqda cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib. Artıq hərbçimizin Azərbaycana təhvil verilməsi barədə qərarın qəbul olunduğu bildirilir.

Ruslan Pənahovun atası Eldəniz Pənahov öz təəssüratlarını Globalinfo.az-la bölüşüb.

O, xəbəri dost-tanışdan və mediadan eşitdiyini deyib:

“Hamımız çox sevincliyik. Bir insanın övladının əsirlikdən xilas olması xəbərini eşitməsinin nə demək olduğunu sözlə anlatmaq mümkün deyil. Bizim hisslərimiz çox böyükdür”.

Eldəniz Pənahov oğlunun geri qaytarılacağına əmin olduğunu bildirib:

“Tam əmin idim. Cənab Prezidentə inanırdım. Övladımın orada qalması qeyri-mümkün idi. Xəbərin bu qədər tez çıxmasına isə həddindən artıq sevindik”.

Əliyar Xəlil
Globalinfo.az