Ruslan Əliyevin vəzifəsindən azad edilməsinin səbəbi – “Görünməz ölüm”, yoxsa?..

Martın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun yerinə sədr müavini Azər Məmmədov təyin olunub.

Son zamanlar “Azəriqaz”la bağlı narazılıqların, qazsızmadan, dəm qazından ölənlərin sayının artması fonunda Ruslan Əliyevin vəzifəsindən azad edilməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, “Azəriqaz”a sədr təyin edildikdə sahə üzrə peşəkarlığı yoxlanılmalıdır:

“Şirkət abonent qarşısında onu fasiləsiz, təmiz qazla təmin etmək barədə öhdəlik götürür. Bir neçə gün əvvəl Lökbatanda dəm qazından zəhərlənmə faktı qeydə alındı. Ümumiyyətlə, dəm qazı artıq fəlakətə çevrilir. Səbəbi də odur ki, müvafiq məsələlərə səhlənkar yanaşırlar. Quyudan çıxan qaz birbaşa əhaliyə verilmir. Onun tərkibi təmizlənmədən əlavə maddələr vurulur. Bu, yolverilməzdir, burada hər şey xüsusi cihazlarla yoxlanılmalıdır.

Ruslan Əliyevin vəzifədən uzaqlaşdırılmasının tək səbəbi dəm qazından zəhərlənmələrlə bağlı deyildi. Burada sayğaclarla əlaqədar problemlərin də təsiri var. Dəm qazından zəhərlənmə halı gözardı edilməməli, parlamentdə müzakirəyə çıxarılmalıdır. Səbəbkarlar məsuliyyətə cəlb edilməlidir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, SOCAR rəhbərliyi yeni komanda formalaşdırmadan öncədən nəzərdə tutulan vəzifəyə hər hansı şəxsi müşavir kimi göndərirlər:

“Yeni sədr Azər Məmmədov öz komandasını formalaşdıracaq. “Azəriqaz” əhalini qeyri-qanuni cərimələməsi, qaz borularının çəkiləcəyi yerlərin dəyişdirilməsi və bu kimi məsələlərlə yadda qaldı. Ümumiyyətlə, “Azəriqaz”da ciddi işlər görülməlidir”.

Safura Bənnayeva
Globalinfo.az