Rusiyaya meydan oxuyan türk dövləti: “Kreml bütün kartlarını itirir”

Mayın 25-i Moskvada keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) forumunda Qazaxıstan Prezidenti Kasım-Jormard Tokayevin çıxışı xüsusi diqqət çəkib. Tokayev 2015-ci il müqaviləsini xatırladaraq Qazaxıstanın müqaviləyə sadiq qaldığını, amma prinsiplərin pozulduğunu, çox ciddi və həlli vacib problemlərin olduğunu bildirib. Bu bəyanat AİB-in tənqidi və Rusiya Prezidenti Vladimir Putinin çıxışına əks mövqe kimi dəyərləndirilib.

Həmçinin Qazaxıstan ictimaiyyətində prezidentin bu çıxışı ölkənin AİB-dən çıxacağı mesajı olaraq anlaşılıb.

Bəs belə bir şey mümkündürmü? Tokayevin bu bəyanatının arxasında nə var?

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Tokayevin Çinə arxalanaraq belə bir bəyanatla çıxış etdiyini bildirib:

“Dövlətlərin qərarında dünya nizamı vacib rol oynayır. Amma hər dövlət Azərbaycan kimi balanslı siyasət apara bilmir. Rusiyanın Ukraynada apardığı müharibə bu nizamın formalaşmasına ciddi təkan verdi. Kreml artıq əvvəlki imkanı, gücü və potensialını qoruya bilmir. Rusiya Avrasiya İqtisadi Birliyi üzərindən apardığı təbliğatda bəzən yumşaq güc sahiblərinin dili ilə keçmiş Sovetlər Birliyi nostalgiyasını səsləndirir. Bununla müəyyən mesajlar verməyə çalışır. Amma Ukraynada onun taleyinin həll olunduğunu görürük.

Bir halda ki NATO yenidən Şərqi Avropanı ciddi pərdə altına almağı bacardı, Orta Asiya bütövlükdə Çinin nəzarətinə keçdi, Rusiya üç ayrı cəbhənin ikisində məğlub olub, üçüncü cəbhədə – Qafqazda güc balansını saxlamağa çalışır, artıq hər şey demək olar ki, aydındır. Məncə, Kasım-Jomard Tokayevin bu cəsarətli çıxışı da Çin faktoruna dayanır. Onlar da Rusiyanın qüdrətini doğru qiymətləndirməyi bacarır, Ukrayna müharibəsinin hazırda ciddi bir imtahan olduğunu bilirlər. Ona görə də sözügedən çıxışda keçmiş sovetlər birliyini bərpa etmək istəyənlərə mesaj verilir”.

Ayşən Mustafa
Globalinfo.az