Rusiyanın Vaşinqton təxribatı planı: “Qərb hər şeyi bilir, amma İrəvana qarşı susur”

Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün davam etdiyi müddətdə Qarabağda vəziyyət yenidən gərginləşib. İyunun 27-si axşam və gecə saatlarında baş verən atışma nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusunun yaralandığı, Ermənistan tərəfinin isə 5 ölüsü olduğu bildirilir. Sonuncu dəfə iyunun 15-də belə bir şey yaşanmışdı.

Vaşinqtonda görüşün davam etdiyi müddətdə təxribatların törədilməsində əsas məqsəd nədir? Baş verənlər hazırda aparılan danışıqlara necə təsir göstərə bilər?

Mövcud vəziyyəti Globalinfo.az-a dəyərləndirən politoloq Tural İsmayılov bildirib ki, Vaşinqton görüşünə mane olmaq məqsədi daşıyan təxribatların arxasında xarici güclər var:

“Ümumiyyətlə bu artıq adi tendensiyaya çevrilib. Xüsusilə Qərb formatlı görüşlər ərəfəsində Ermənistanın tez-tez təxribatlar törətməsi normal hal alıb. Bundan öncə Vaşinqtonda bir həftə davam edən görüş sonrası, Brüssel görüşündən bir neçə gün öncə də bu tip təxribatlara şahid olduq. Əslində burada Qərbin Ermənistana təsir imkanlarından geniş istifadə üçün labüd proses formalaşmalıdır. Çünki özünü qərbyönümlü göstərən Sorosçu Nikol Paşinyan hakimiyyəti həm də Rusiyanın direktivlərini yerinə yetirir. Qərb formatlı görüşlər aktullaşan ərəfədə Ermənistan tərəfi yenə gərginlik yaradır.

İndi də Vaşinqtonda XİN başçıları səviyyəsində birbaşa təmasların davam etdiyi bir müddətdə növbəti provokasiyaların törədilməsi danışıqlar prosesinin ruhuna ziddir. Ümumiyyət bu hadisələr məhz Vaşinqtondakı görüşə mane yaratmağa hesablanıb. Məsələnin arxasında xarici güc faktorlarının dayanması da heç kimə sirr deyil”.

Politoloq baş verənlərin açıq şəkildə Rusiyanın mesajı olduğunu, amma bunların Qərb formatlı danışıqlara mane olmayacağını deyib:

“Hesab edirəm ki, həm rəsmi Vaşinqton, həm də rəsmi Brüsselin Ermənistanın bu məkrli planlarından xəbəri var. İrəvana təsir üçün əllərində bir çox imkan olsa da, təəssüf ki, bundan istifadə etmirlər. Yəni baş verənlər sülh danışıqları və prosesdə digər vasitəçilərin aktiv iştirakına qarşı yönəlib. Bunun mesajı verilir ki, Rusiya olmadan aparılan danışıqlarda iki ölkə arasında münasibətlər guya tənzimlənə bilməz. Bu təbii ki, aydın davam edən sistematik bir plandır. Ermənistanın bu kimi addımları sülh prosesində irəliləyişə nail olunmasına əngəl törədir, həmçinin iki ölkə arasında delimitasiya və demarkasiya ilə bağlı məsələnin sonrakı taleyinə problem yaradır. Lakin hesab edirəm ki, hər şeyə rəğmən Qərb formatlı görüşlər davam etdiriləcək, məhz bunun nəticəsində Azərbaycan və Ermənistan münasibətlərində yeni bir səhifə açılacaq”.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüş 3 gün davam edəcək.

Ayşən Mustafa
Globalinfo.az