Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarından biri persona non-qrata elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının (1961) müddəalarına uyğun olaraq, Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin nümayəndəsini ölkəmizin ərazisində persona non-qrata elan etmək qərarına gəldiyini bildirir. O, Moldova Respublikasının ərazisini tərk etməyə borcludur”, – nazirliyin bəyanatında deyilir.
Artıq Rusiya tərəfi bu qərarla bağlı məlumatlandırılıb. Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Moldova hakimiyyəti diplomatın ölkədən çıxarılması qərarını Rusiyanın Ukraynaya atdığı raketin Moldova ərazisi üzərində vurması ilə əlaqələndirib:
“Qonşu ölkəyə raket zərbələri təhlükəsizlik risklərini artırmaqda davam edir və ölkə vətəndaşları müharibənin dağıdıcı nəticələrini getdikcə daha çox hiss edirlər”.
Rusiya Xarici İşlər Nazirliyi öz növbəsində bu addıma adekvat cavab verəcəyini vəd edib.