“Rusiyanın indi Azərbaycana heç vaxt olmayan qədər ehtiyacı var”  – Mişustini Bakıya gətirən səbəblər

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Azərbaycan və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

Politoloq Əziz Əlibəyli Globalinfo.az-a Azərbaycan-Rusiya Regionlararası Forumun əhəmiyyəti barədə danışıb.

O bildirib ki, Azərbaycan-Rusiya Regionlararası Forumun məqsədi Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi münasibətlərin daha yüksək şəkildə təşkil olunması məqsədi daşıyır və bu, uzun illərdir ki, davam edir:

“Maraqlısı odur ki, Rusiya indiki məqamda sanksiyalar altındadır və çox ciddi şəkildə regionlarının inteqrasiyası üçün ehtiyac var. Həm də sanksiya, blokada altında olan ölkə üçün malların dövriyyəsi, Azərbaycan vasitəsilə cənuba, Avropaya çıxarılması prosesi gedir və indiki halda bu əvvəlki illərdən daha vacib əhəmiyyət kəsb edir”.

Ekspert vurğulayıb ki, forumda Azərbaycanla qonşu olan Rusiyanın cənub vilayətlərinin iqtisadi inkişafı üçün bəzi qərarların alınmasını görəcəyik:

“Görünür ki, Rusiya bu mənada o bölgələrin xüsusilə Azərbaycanın iqtisadi məkanına inteqrasiyasını özündə rəhbər tutan bəzi müddəalar və anlaşmalara baxa bilərlər.  Əlbəttə ki, dövriyyənin artırılması, dərhal da şəbəkələşmiş, daha sadələşdirilmiş gömrük sistemlərinin tətbiqinə baxacaqlar”.

Ə.Əlibəylinin sözlərinə görə, Rusiyanın indi buna daha çox ehtiyacı var:

“Həmçinin, Ukrayna ilə savaş uzandıqca, onların qlobal itkilərini kompensasiya etmək yalnız qonşu ölkələrin hesabına mümkündür”.

Gülnar Səlimova,

Globalinfo.az