Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə bildirib ki, Moskva Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə qeyd edib ki, rəsmi Bakı Rusiyada və başqa yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub.
Rusiyanın vasitəçiliyi ölkə üçün nə vəd edir? Ermənistan buna razılıq verə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi analitik Fuad Şahbazov hazırda Azərbaycan və Ermənistanın danışıqlar üçün Moskva platforması ilə razılaşacağını düşünmür:
Fuad Şahbazov
“Bundan öncə də Brüssel, Soçi, Vaşinqton və Moskva formatları danışıqlar prosesində arzuolunan nəticələr yaratmadı. İki il əvvəl Azərbaycan və Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər mürəkkəb idi. Bu gün Azərbaycanın Moskva formatına qayıtmaqda maraqlı olduğunu düşünmürəm. 2023-cü ilin əvvəlindən bəri rəsmi Bakı ikitərəfli danışıqlar formatını irəli sürür. Çünki Bakı üçüncü tərəflərin iştirakı olmadan Azərbaycan və Ermənistan arasında baş tutan ikitərəfli danışıqların müsbət nəticəsini görüb. 2023-cü ilin dekabr ayının 7-də əsirlərin dəyişdirilməsi ilə bağlı ilk dəfə heç bir vasitəçi olmadan birgə bəyanat imzalamışdılar. Eyni zamanda minalanmış ərazilərin xəritələrinin qarşılıqlı razılaşma əsasında ötürülməsi də birbaşa danışıqların daha effektiv olmasının göstəricisidir”.
F.Şahbazovun sözlərinə görə, Ayxan Hacızadənin bu açıqlaması Azərbaycanın sülh danışıqlarını davam etdirməkdə maraqlı olduğundan xəbər verir:
“Azərbaycan üçün hansı ölkənin sülh danışıqlarında vasitəçi rolunda çıxış etməsinin fərqi yoxdur. Sülhün, danışıqların lehinə atılan addımları dəstəkləyirik”.
Safura Bənnayeva
Globalinfo.az