Rusiyanın Belqorod şəhəri atəşə tutulub: 14 nəfər ölüb – VİDEO – YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorod şəhərini atəşə tutması nəticəsində azı 14 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

“Yenilənmiş məlumata görə, Belqorodda 12 böyük və 2 uşaq ölüb. Daha 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb”, – nazirlikdən bildiriblər.

***19:21

Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Globalinfo.az xəbər verir ki, şəhərin atəşə tutulması nəticəsində 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

***16:59

Rusiyanın Belqorod şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Bildirilib ki, vilayət mərkəzinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar var.

İndiyə olan məlumata görə, 4 ölü, 11 yaralı qeydə alınıb.

Polis əməkdaşları şəhərin mərkəzinə gedən yolları bağlayıb. Hadisə yerinə təcili yardım maşınları çağırılıb.

Belqorod vilayətinin Fövqəladə Hallar Nazirliyi Belqorod sakinlərinə evlərini tərk etmək və sığınacaqlara getmək xahişi ilə müraciət edib.

Sakinlərdən elektrik enerjisini, qazı və suyu bağlamaları, zəruri əşyaları özləri ilə götürmələri və yaxınlıqdakı sığınacaqlara köçmələri xahiş olunub.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti ərazisi üzərində 13 raketi məhv etdiyini bildirib.