Rusiyanın bayraq və gerbə çəkdiyi xərclər 100 dəfə artıb – Səbəb

Rusiya müharibə başlayandan bəri dövlət rəmzlərinə xərcləri artırıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Vyorstka” nəşri yazıb.

Bildirilib ki, 2022-ci il fevralın 24-dən Rusiya hakimiyyəti dövlət rəmzlərinin – bayraqların, gerblərin və bayraq dirəklərinin alınması üçün 1 milyard rubldan çox vəsait ayırıb. Bu, 2021-ci ildə analoji satınalmalara xərcləndiyindən 100 dəfə çoxdur.

Nəşrin hesablamalarına görə, 2021-2022-ci illərin eyni dövründə dövlət satınalmaları üzrə ümumi məbləği təxminən 10 milyon rubl olan tenderlər yerləşdirilib. Ümumilikdə, müharibənin əvvəlindən bəri 80 belə tender keçirilib. Onların bir çoxu “Rusiya Federasiyası vətəndaşlarının vətənpərvərlik tərbiyəsi” federal layihəsi çərçivəsində keçirilib. Bu layihə çərçivəsində təhsil müəssisələrində dövlət rəmzləri yerləşdirilib.

2022-ci il sentyabrın 1-dən etibarən Rusiya məktəbləri dərs həftəsinin əvvəlində bayraq qaldırmalı və dövlət himnini oxumalıdır. Bu məqsədlər üçün dövlət rəmzləri lazım olur.

Dövlət rəmzlərinin alınmasına ən çox vəsait – 125 milyon rubl – Dağıstanda xərclənib. Ən böyük tender isə Kursk vilayətində baş tutub. Məktəblər üçün 571 dəst bayraq və gerb 51,5 milyon rubla alınıb.