Rusiyadan Ukraynaya raket hücumu – Ölənlərin sayı artdı – YENİLƏNDİ

Rusiya ordusu tərəfindən Ukraynaya raket hücumları nəticəsində 10 nəfər həlak olub.

Bu barədə Ukrayna daxili işlər naziri Denis Monastırski feysbuk hesabında yazıb.

***

20:13

Rusiya Ukraynanın Kiyev vilayətində infrastruktur obyektlərinə raket zərbələri endirib.

Globalinfo.az rus mətbuatına istinadən xəbər verir ki, raketlərdən biri yaşayış binasına tuş gəlib.

Kiyevin atəşə tutulması nəticəsində azə 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Yaralılardan 4-ü tibb müəssisələrinə yerləşdirilib. Xəsarət alan 1 nəfərə yerindəcə tibbi yardım göstərilib.

Kiyev, Xarkov, Xmelnitski, Nikolayev və Ukrayna Ordusunun nəzarətində olan Zaporojyedə elektrik enerjisi ilə təminatda fasilələr var. Mer Andrey Sadovoy isə Lvovda elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.

Qeyd edək ki, əhaliyə daha öncə raket hücumu təhlükəsi barədə xəbərdarlıq edilmişdi.

***

17:57

Rusiyanın Ukraynanın Kiyev vilayətinə raket zərbəsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun Kiyev bölgəsinə endirdiyi raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə infrastruktur obyektinə düşüb.

Qeyd edək ki, bu gün Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı raket hücumu həyata keçirib. Nəticədə ölkənin bir sıra şəhər və vilayətlərində elektrik enerjisi və su təminatı kəsilib.

***

17:26

Rusiyanın Ukrayna ərazisinə atdığı raketlər nəticəsində Ukraynanın bütün ərazisində, eyni zamanda Moldovanın bir hissəsində və Dnestryanı ərazidə elektrik enerjisi kəsilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.

Bildirilib ki, Moldovada həmçinin mobil rabitə və internetin fəaliyyətində də problem yaranıb.

Xarkov şəhərində metronun və trolleybusların hərəkəti dayanıb. Kiyevdə isə qatarların hərəkətində fasilə yaranıb. Paytaxtda metro məhdud rejimdə işləyir. Hazırda çox sayda insan metro stansiyalarından sığınacaq kimi istifadə edirlər.

Bundan başqa, Kiyev şəhərinə suyun verilişi dayandırılıb.

Məlumata görə, Kiyevə atılan raketlərdən biri Dnepr çayına düşüb.

Vurğulanıb ki, Rusiya, əsasən, elektrik stansiyaları və qazanxanaları hədəf alıb.

***

16:10

Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini növbəti dəfə raket hücumuna məruz qoyub.

Globalinfo.az xəbər verir ki, Odessa, Nikolayev, Kiyev vilayətlərinə, həmçinin İzyum, Kremençuq, Dnepr, Xerson şəhərlərinə raket atılıb.

Hazırda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketləri zərərsizləşdirməyə çalışır.