Rusiyadan SOS: “Faşist ideologiyası yeni dünya müharibəsinə səbəb olacaq”

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, NATO ölkələrində faşist ideologiyası yeni dünya müharibəsinə aparan yoldur.

“NATO dövlətlərinin rəhbərliyi üçün faşist ideologiyası normaya çevrilir, bu, yeni dünya müharibəsinə səbəb ola biləcək təhlükəli yoldur”, – Volodin bildirib.

Maraqlıdır, dünya müharibəsi riski həqiqətən də artıb? Volodinin dedikləri nə dərəcədə realdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində NATO ilə Rusiya arasında rəqabət çoxdan başlayıb:

“Hələ Ukraynadakı müharibənin ilk günündən etibarən Alyansla Kreml arasında rəqabət başlamışdı. Əslində Ukraynadakı müharibənin səbəbi də məhz NATO-nun qıcıqlandırıcı addımları idi.

Kənan Novruzov

Xatırlatmaq yerinə düşər ki, Şərqi Avropada müharibənin başlanmasının əsas səbəblərindən biri NATO-nun genişlənməsi səyləri, o cümlədən rəsmi Kiyevin Alyansa üzvlüyü ilə bağlı cəhdlər idi. Əlbəttə, Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasına razı ola bilməzdi. Odur ki, Ukraynaya hücum etdi. Yəni tərəflər – iki böyük güc arasında müharibə əslində çoxdan başlayıb. Amma bu, hələ ki, proksi xarakter daşıyır.

Ukrayna həm poliqon, həm də qurbandır. NATO Ukrayna vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışır, hələ ki, savaşa birbaşa qoşulmur. Amma bu, daimi davam edə bilməz.

Hazırda dünyada çox ciddi geosiyasi proseslər gedir. Böyük güclər maraqları naminə təsir göstərə bildikləri oyunçuları qurban verməyə hazırdırlar. Bir müddətdən isə həmin böyük güclər özləri qarşı-qarşıya gəlməli olacaqlar. Bu mənada gələcəkdə Alyansla Rusiya arasında toqquşmanın başlanması tamamilə realdır. Rusiyanın bu ssenariyə hazırlaşması isə heç də təəccüblü deyil.

Sözsüz ki, Alyans da açıq və gizli şəkildə belə bir ssenariyə hazırlaşır. NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma getdikcə daha real təhlükəyə çevrilir. Bir azdan sonra bu, qaçılmaz olacaq”.

Turan Rzayev
Globalinfo.az