Rusiyadan iki türk ölkəsinə cəzbedici və riskli TƏKLİF

“Rusiya Avropanın enerji bazarına alternativ axtarmaqda davam edir. Kreml anlayır ki, əvvəlki illərdə olduğu kimi Avropa ölkələrinə qaz sata bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, yanvarın 18-də Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Qazaxıstan baş nazirinin müavini Roman Sklyarla görüşüb:

“Qazprom” şirkəti Qazaxıstanla qaz sahəsində “yol xəritəsi” müəyyənləşdirib. Qazaxıstan kifayət qədər qaz ehtiyatlarına malik olsa da, Rusiya qazının üçüncü ölkələrə nəqlində maraqlıdır. Bu, Qazaxıstanın tranzit imkanlarını artıracaq.

Rusiya Özbəkistanı da qaz nəqli məsələsində inandırmağa çalışır. Qazaxıstan qaz ehtiyatlarına görə Özbəkistanı üstələyir. Buna görə də Özbəkistan ehtiyaclarını ödəmək məqsədilə Rusiyadan müəyyən həcmdə qaz alır. Özbəkistanın iqtisadi imkanları artdıqca qaza ehtiyacı artacaq”.

Politoloqun sözlərinə görə, Qazaxıstan hər il Çinə 10 milyard kubmetr qaz nəql edir:

“Ancaq Qazaxıstanın özünün də qaza ehtiyacı artıb. Buna görə də Astana Rusiya qazının Qazaxıstan üzərindən Çinə nəqlinin əleyhinə deyil. Moskva bölgədə Qazaxıstan və Özbəkistanla birgə qaz ittifaqı yaratmağa çalışır. Astana və Daşkənd Moskvanın bu təklifinə ehtiyatla yanaşırlar. Qazaxıstan və Özbəkistan Rusiya qazından asılı duruma düşmək istəmirlər”.

E.Şahinoğlu bildirib ki, Rusiyanın əsas hədəfi Çindir:

“Rusiya bir tərəfdən Mərkəzi Asiyanın qaz bazarında hegemon rola malik olmaq istəyir, digər tərəfdən Mərkəzi Asiya üzərindən yeni boru xətləri vasitəsilə Çinə qaz nəqlini artırmaqda maraqlıdır. Lakin Çin də Avropa ölkələri kimi Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşmək istəmir”.

Turan Rzayev
Globalinfo.az