yay

Rusiyada saxta nikahlar vasitəsilə ölkədə qalmaq və vətəndaşlıq almaq uzun illərdir miqrasiya ilə bağlı ən çox müzakirə olunan mövzulardan biridir. İddialara görə, bəzi əcnəbilər, o cümlədən müxtəlif ölkələrdən gələn miqrantlar bu yolla yaşayış icazəsi və sonradan Rusiya pasportu əldə etməyə çalışıblar. Məhz bu səbəbdən Dövlət Duması qanunvericiliyi daha da sərtləşdirərək saxta nikahlar üçün hüquqi boşluqları aradan qaldırmağa qərar verib.

Bəs yeni qaydalar Azərbaycandan Rusiyaya gedən miqrantlara necə təsir edəcək?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Rusiyada son iki-üç il ərzində miqrasiya sahəsində çox ciddi dəyişikliklər baş verib:

“Bu dəyişikliklər əsasən yeni qaydaların qüvvəyə minməsi və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmiş çoxsaylı məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Hazırda da Dövlət Dumasında və aidiyyəti qurumlarda bu istiqamətdə bir sıra qanun layihələri hazırlanır, qəbul edilir. Məhz bu kontekstdə saxta nikah məsələsi də son bir ildə ən çox müzakirə olunan mövzulardandır. Rusiya hakimiyyəti müşahidə edib ki, saxta nikahlar vasitəsilə müvəqqəti və ya daimi yaşamaq icazəsinin, sonrakı mərhələdə isə vətəndaşlığın əldə olunması halları artıb. Buna görə də bu cür halların aşkar edilməsini asanlaşdıracaq hüquqi mexanizmlərin yaradılması istiqamətində islahatlar həyata keçirilib və müvafiq qanun qəbul olunub. Bu dəyişikliklər nəticəsində aidiyyəti dövlət qurumları nikahın formal xarakter daşıyıb-daşımadığını araşdırmaq üçün daha geniş hüquqi imkanlar əldə ediblər. Məqsəd real ailə münasibətlərini məhdudlaşdırmaq deyil, miqrasiya qanunvericiliyindən sui-istifadənin qarşısını almaqdır”.

Azer Allahverenov 1 900x600 1

Azər Allahverənov

Deputat bildirib ki, 5-10 il əvvəl nikah əsasında Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq istəyənlərin sayı daha çox idi:

Rusiya-Ukrayna müharibəsindən sonra isə müraciətlərin sayı müəyyən qədər azalıb. Buna baxmayaraq, əvvəlki dövrlərdə belə halların mövcudluğu dövlət qurumlarını qanunvericiliyi sərtləşdirməyə sövq edib. Burada vacib hüquqi məqamlardan biri də qanunların geriyə şamil edilməməsidir. Yeni qaydalar qüvvəyə mindikdən sonra tətbiq olunur və bundan sonrakı münasibətlərə şamil edilir. Bu isə gələcəkdə saxta nikah yolu ilə yaşamaq icazəsi və ya vətəndaşlıq əldə etmək istəyən şəxslər üçün ciddi çəkindirici amil olacaq. Digər mühüm dəyişiklik isə cinayət keçmişi olan şəxslərlə bağlıdır. Yeni yanaşmaya əsasən, müəyyən ağır və ya qanunvericilikdə nəzərdə tutulmuş cinayət keçmişi olan şəxslərə vətəndaşlıq yaxud yaşayış icazəsinin verilməsi daha ciddi nəzarət altında olacaq. Məqsəd cəmiyyət üçün potensial risklərin minimuma endirilməsi və ictimai təhlükəsizliyin gücləndirilməsidir”.

Millət vəkili qeyd edib ki, son dəyişikliklər Rusiyanın miqrasiya siyasətinin daha sərt və idarəolunan modelə keçirildiyini göstərir:

“Dövlət miqrasiyanı tam məhdudlaşdırmağa deyil, onu öz milli maraqlarına uyğun şəkildə tənzimləməyə çalışır. Yəni məqsəd qanuni miqrasiyanı qorumaq, qanunsuz miqrasiyanın və saxta mexanizmlərdən istifadənin qarşısını almaqdır. Lakin bu dəyişikliklər Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti üçün ciddi problem yaratmayacaq. Çünki Azərbaycan və Rusiya arasında vizasız gediş-gəliş mövcuddur, ölkələr arasında sosial və ailə əlaqələri kifayət qədər genişdir. Rusiya qanunvericiliyində yaşamaq icazəsi və ya vətəndaşlıq almaq üçün nikahdan başqa da müxtəlif hüquqi əsaslar mövcuddur. Buna görə də saxta nikaha müraciət etmək üçün obyektiv zərurət yoxdur. Eyni fikri cinayət keçmişi olan şəxslərlə bağlı da söyləmək olar. Əgər bu istiqamətdə vətəndaşlarımızla bağlı ciddi statistik göstəricilər mövcud olsaydı, böyük ehtimalla həmin məlumatlar qanun layihələrinin əsaslandırılması zamanı ictimaiyyətə təqdim edilərdi. Belə məlumatların açıqlanmaması onu göstərir ki, qəbul edilən dəyişikliklər konkret olaraq Azərbaycan vətəndaşlarını hədəf almır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: