Rusiya və İran Qarabağda nə planlaşdırır? – Brüssel görüşü öncəsi mühüm detal

“İlham Əliyevlə Nikol Paşinyanın danışıqlarının Brüssel formatındakı növbəti raundu sülhə doğru bir addım irəli kimi qəbul edilə bilər”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Brüssel görüşünün ehtimal nəticələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, sülh istiqamətində nəzəri mülahizələri gücləndirən addımlar gözə çarpır:

“Lakin nəzəriyyə ilə reallıqlar, regional təhdidlərin xarakteri ziddiyyət təşkil etdiyindən Azərbaycan-Ermənistan sülh proqramı üzrə həlledici mərhələdən danışmaq tezdir.

Bu təhdidlərin oxları Qarabağ istiqamətinə atılır, son zamanlar separatçıların aktivləşərək canfəşanlıq göstərmələri bunun bariz nümunəsidir.
Separatçıların məhz indi niyə aktivləşdiyi sualı maraqlıdır, bunun cavabını geniş regional kontentin içərisində axtarmaq lazımdır.

Separatçılıqla kim hansı xal qazanır – məncə, bu sual üzərində düşünəndə regionda maraqları olan Rusiya, İran üzərində diqqət cəmləmək lazımdır. Separatçılıq və ya onun ekvivalentindəki hərəkatlar regionda alət qazanmaq istəyənlər üçün kriteriyadır.

Qarabağa işarələnmiş zona kimi baxmaqla faydalı strateji iş əmsallarını artırmaq istəyənlər olduqca, Azərbaycan adekvat tədbirləri görməlidir.
Bura sərhədlərin təhlükəsizliyindən tutmuş, Qarabağdakı separatçı ünsürlərin zərərsizləşdirilməsinə qədər geniş paket daxildir.

Əliyev-Paşinyan danışıqlarının regionda təhlükələrin artdığı zamana təsadüf etdiyindən, üstəgəl Azərbaycanla Ermənistan arasında gərginlik qaldığından həlledici nəticələrlə yekunlaşacağını proqnozlaşdırmaq çətindir.

Üstəgəl görüş ərəfəsində Qarabağda separatçıların qızışdırılması aktı xüsusi diqqət çəkir, Azərbaycan dövlətinin suverenliyi əleyhinə müqavimət cəhdinin arxasında dayananların adları kiməsə yad deyil.

Əliyevlə Paşinyan mürəkkəb şəraitdə danışıqlara gedir, lakin Brüssel müzakirələrinin nəticələri regional eskalasiya riskini azaltmayacaq.
Çünki təkrarlanan proseslərin baş qaldırılması cəhdləri regionun xarakterinə hopub”.

Turan Rzayev
Globalinfo.az