
Dünya ölkələri liderləri bu gün İstanbula keçirilən Rusiya-Ukrayna danışıqlarına münasibət bildirib.
Globalinfo.az müxtəlif mənbələrə istinadən ölkə və hökumət başçılarının münasibətlərini bir yazıda təqdim edir:
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya tam dəstəyini nümayiş etdirib. O bildirib ki, Putin atəşkəs barədə razılığa gəlmək qərarını uzadır və London heç vaxt buna imkan verməyəcək.
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın ABŞ, Ukrayna və Avropanın əsas tələbini pozduğunu düşünür. Onun sözlərinə görə, rəsmi Moskva atəşkəs təklifinə münasibət bildirməyib və real razılaşmalar əsasında görüşə razı olmayıb.
Polşanın Baş naziri Donald Tusk isə Rusiyanı danışıqları pozmaqda ittiham edib. Onun fikrincə, Kreml ABŞ-ın iştirakı ilə danışıqlardan imtina edib və yenidən qəbuledilməz şərtlər irəli sürüb.
“Sülhü kimin istədiyi, kimin istəmədiyi artıq bəlli oldu”. Bu fikirləri isə İtaliyanın Baş naziri Corcia Meloni səsləndirib. Bundan başqa o, Ukrayna üçün atəşkəsin və təhlükəsizlik barədə zəmanətin vacibliyini vurğulayıb.
Almaniya Kansleri də Rusiyanı tənqid edib və bildirib ki, danışıqların pozulmasında bütün məsuliyyət Moskvanın üzərinə düşür.
Aysel Əliyeva
Globalinfo.az