Rusiya üçün görün nə hazırlanıb: “Putinin prezidentliyi tanınmayacaq”

“Qərb Vladimir Putinin qələbəsi ilə bitəcək heç bir prezident seçkisini tanımayacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev Rusiyada baş tutacaq prezident seçkiləri və seçki sonrası prosesləri dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Qərbdə Putinə qarşı ciddi bir nifrət var:

“Vəziyyət elə bir həddə çatıb ki, onun dövlət başçısı olmasına əhəmiyyət vermədən haqqında bir neçə cinayət işi açılıb. Putinin məhkəməyə verilməsi də bilinən bir həqiqətdir. Roma statutunun Ermənistan parlamentində qəbul edilməsindən sonra Putin rəsmi olaraq bu ölkəyə səfər edə bilmir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan Aİ üzvü deyil.

Bənzər sanksiyalar təkcə Putinə deyil, komandasındakı şəxslərə qarşı da tətbiq edilir. Bu həm də Putini tək qoymağa hesablanan bir addımdır. Yəni onun yanında olanlar da onun kimi təzyiqlərə məruz qalacaq mesajı verilir.

Qərb Putinin legitimliyini tanımır. Bu mənada onun seçki nəticələrini tanımayacağını demək olar. Yəni o prezident seçkilərində qalib gəlsə də nəticə Qərb üçün elə də ciddi məna kəsb etmir.

Seçki öncəsi Aleksandr Navalnının mübahisəli ölümü və bu ölümün sıfarişçisi olaraq Putinin adının hallanması da ona qarşı seçki sonrası təzyiqlərin davam edəcəyini deməyə əsas verir.

Qərb seçki sonrası böyük ehtimalla Rusiya daxilində müxalifətə dəstəyini artıracaq. Hətta bu prosesə hərbi qanadın da qoşulması mümkündür. Yəni Putinin inqilab yolu ilə hakimiyyətdən getməsi prosesi başlanacaq. Bunun nəticəsini təbii ki, gələcək göstərəcək, amma bu da bir reallıqdır ki, Putin Qərbin bir çox planını öncədən sezə bilir”.

Turan Rzayev
Globalinfo.az