ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynadan olan uşaqların ailələri ilə yenidən birləşməsinə kömək edib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova deyib.
“Ailələrin yenidən birləşdirilməsi prosesi Ukrayna ilə qurulmuş işçi əlaqə kanalı vasitəsilə həyata keçirilir. Bu prosesə Beynəlxalq Qırmızı Xaç Komitəsi, Müqəddəs Taxt-Tac (Vatikan) və ABŞ-ın birinci xanımı Melaniya Tramp da dəstək verir”, – o bildirib.
Lvova-Belovanın sözlərinə görə, ötən ilin sonuna olan məlumata əsasən, 21 ailədən 29 uşaq Rusiyada yaşayan yaxınlarının yanına qayıdıb, 104 ailədən 129 uşaq isə Ukraynaya və digər ölkələrdəki ailələrinə qovuşub.
Qeyd edək ki, 2025-ci ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşərkən, Melaniya Tramp həyat yoldaşı vasitəsilə Putinə Ukrayna uşaqları ilə bağlı məktub göndərib.
Kreml həmin məktubun alındığını ictimai şəkildə şərh etməsə də, 2025-ci ilin oktyabrında Melaniya Tramp Putinin məktubuna cavab verdiyini açıqlayıb. Onun sözlərinə görə, Alyaska danışıqlarından sonra səkkiz ukraynalı uşaq ailələri ilə yenidən birləşib. Melaniya Tramp həmçinin Rusiya lideri ilə birbaşa “kommunikasiya kanalı” yaradıldığını və Ukrayna münaqişəsinə cəlb olunmuş insanların rifahı naminə əməkdaşlıq barədə razılıq əldə edildiyini bildirib.
Daha sonra ABŞ-ın birinci xanımı Belarus Prezidenti Aleksandr Lukaşenkoya müraciət edərək, Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar məsələsini Vladimir Putinlə müzakirə etməsini xahiş edib.
Əliyar Xəlil
Globalinfo.az