Rusiya terrorunun 10 günü – Moskva hər şeyi bilir, amma…

“Krokus Sity Holl”da baş verən terror aktından on gün keçir. Rusiya tərəfi hadisə zamanı saxlanılanları dindirir, istintaq davam edir. Bəzi ekspertlər iddia edir ki, bu hadisə Rusiya daxilində çaxnaşma yaratmaq, mərkəzi hakimiyyəti zəiflətməyə hesablanıb.

Qərbin Rusiyanı bu cür aksiyalarla içdən sarsıdıb zəiflətmək planı var?

Müharibə vasitəsilə Putini məğlub edə bilməyən Qərb indi də terakta əl atır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiyada törədilən terror bir cinayətdir:

“Dövlətlərin maraqlarının nə olmasından asılı olmayaraq dinc insanların həyatını itirməsi ilə nəticələnən bütün əməllər qanunsuzdur.

Rusiyada baş verən teraktın kim tərəfindən nə məqsədlə tördilməsinə dair araşdırmalar davam edir. Lakin hazırda dəqiq informasiya yoxdur. Rusiya tərəfinin verdiyi məlumatlar da obyektiv deyil. Çünki bu kimi hadisələrdən dövlətlər öz siyasi məqsədləri üçün istifadə edir.

Bu tendensiya bu gün Rusiya siyasətində özünü göstərir. Rusiya faktiki olaraq Ukraynanı günahlandıraraq bu ölkəyə qarşı apardığı müharibəni genişləndirmək istəyir.

Bu terror hadisəsi Rusiya üçün ciddi sınaq oldu. Heç bir ölkə teraktlardan sığortlanmayıb. Geridə qalan 10 gün ərzində müvafiq araşdırmalar aparılıb. Teraktı törədən təşkilatın adı Rusiya tərəfinə məlumdur. Lakin ictimaiyyətə açıqlanacaq məlumatların nə dərəcə obyektiv olması sual altındadır.

Terrorun törədilməsinin əsas səbəbi qarşı tərəfi qorxutmaq, cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Rusiya cəmiyyətində də bu narahatlıq yarandı. Amma bu, müvəqqətidir. Şübhəsiz bu teraktın fəsadları olacaq. Yəni bundan sonra da Rusiyada bənzər motivli insidentlərin baş verməsi mümkündür. Buna görə də ciddi araşdırma aparılmalı, ictimaiyyətə dəqiq, qərəzsiz məlumat verilməlidir”.

Turan Rzayev
Globalinfo.az