“Rusiya terroru öncədən bilirmiş” iddiası ciddiləşir – “Buna görə qarşısı alınmayıb”

Son günlər bir çox ekspert, habelə rəsmi şəxslər iddia edir ki, Rusiya fevralın 15-dən “Krokus Sity Holl”da terror aktı hazırlandığını bilirdi.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bunun anonsunu vermişdi. ABŞ da Moskvada terror olacağı haqda Rusiya ərazisindəki vətəndaşlarına çağırış edib.

Rusiya ərazisində terror olacağından əvvəlcədən məlumatlı olub?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Rusiya hakim dairələri “Krokus Sity Holl”da baş verən teraktın detallarını ictimaiyyətə açıqlayıb:

“Bu detallar o qədər bir-birinə uyğun idi ki, şübhə etmək olmur. Mənim məsələ ilə bağlı görüşüm belədir ki, terakt ilə bağlı Rusiya xüsusi xidmət orqanlarının məlumatı olub. Məqsədyönlü şəkildə terakta mane olmayıblar. Hətta teraktla bağlı verilən məlumatlarda da xüsusi xidmət orqanlarının hadisəyə mane olmaması ustalıqla pərdələnib.

Hadisəni törədən taciklər özləri belə şokda idi. Belə ki, onlar 4 nəfər olacaqlarını düşündüyü halda hadisə zamanı 20 nəfərə yaxın şəxs hücum edib. Bu şəxslərin kimliyi, hardan gəlməsini teraktı törədən taciklər də bilmirdi.

Diqqətçəkən digər bir məqam isə hadisə sonrası 4 tacik vətəndaşı saxlanılsa da hadisə yerində olan 20-yə yaxın silahlı yoxa çıxdı. Yəni buradan da görünür ki, Rusiya xüsusi xidmət orqanları nəinki məsələyə müdaxilə etməyib, hətta özləri prosesdə iştirak edib.

Hesab edirəm, bu hadisə Rusiyada bir çox mətləblərin üstünü açacaq. Çünki kifayət qədər təhlükəli gediş idi. Qərb maksimum bu hadisədən istifadə edəcək və Putin əleyhinə kütlələri ayaqlandırmağa çalışacaq”.

Turan Rzayev
Globalinfo.az