Rusiya kəşfiyyatının teraktdan xəbəri olub?

“Krokus Siti Holl”da baş verən terror teraktından sonra müzakirə edilən məsələlərdən biri də Rusiya təhlükəsizlik orqanlarının sözügedən hücumun qarşısını ala bilməməsidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Moskvada baş verən terror müxtəlif aspektlərdən müzakirə edilir:

“Hesab edirəm, terror hadisəsi ilə bağlı Rusiya təhlükəsizlik qüvvələrində və kəşfiyyat xidmətində məlumat olmayıb. Belə bir məlumat olsaydı, dərhal müdaxilə edilər, ən azından hadisənin miqyasının bu qədər böyük olmasına icazə verilməzdi.

Terrorçular artıq həbs edilib. Onların ilkin ifadələrindən sonra aparılacaq araşdırma nəticəsində hadisənin kim və ya kimlər tərəfindən sifariş edildiyi məlum olacaq.

Təbii ki, müharibə edən bir ölkədə təhlükəsizlik tədbirlərinin bu qədər aşağı səviyyədə təşkil edilməsi düşündürücüdür. Yəni hadisənin sifarişçisi qədər, təhlükəsizlik sahəsindəki boşluqlara görə də ciddi araşdırma aparılacaq. Fikrimcə, Rusiyada təhlükəsizlik sahəsində yüksəkrütbəli bir çox şəxs vəzifədən uzaqlaşdırılacaq, hətta həbs ediləcək”.

Turan Rzayev
Globalinfo.az