Rusiya təhlükəsi yaxınlaşırdı – Türkiyə gözlənilən qərarı verdi

Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü nəzərdə tutan qanun layihəsini təsdiqləməsi Alyans daxilində və Ankarada gündəmdə olan əsas məsələlərdəndir.

Maraqlıdır, İsveçin NATO-ya üzvlükdə israr etməsinin səbəbi nədir? Sözügedən qərar Türkiyəyə nə qazandıracaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, İsveç Rusiya-Ukrayna müharibəsi kontekstində təhlükənin yaxınlaşdığını anlayır:

“İsveç müdafiə qabiliyyətini gücləndirmək üçün xərclərini dəfələrlə artırıb. Həmçinin NATO üzvü olmasa da, Alyansın bütün tədbirlərinə qatılmaq qərarı verib. Bu, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədardır. Təhlükə mövcud olmayana qədər Skandinaviya ölkələrindən (Norveçdən başqa) nə Finlandiya, nə də İsveç NATO-ya üzvlüyə ehtiyac duyurdular. Ukrayna-Rusiya müharibəsi iki ölkə arasındakı mübarizədən Qərb-Rusiya münaqişəsinə çevrildi. Bu da rəsmi Moskvanın perspektivdə daha aqressiv davranmaq təhlükəsini ortaya qoydu.

İsveç və Finlandiya şimalda Rusiya ilə həmsərhəddir. Finlandiyanın NATO-ya üzvlüyü qısa müddətdə həyata keçirilsə də, Türkiyə və Macarıstanın yaratdığı əngəllərlə İsveç NATO-ya üzv ola bilmirdi”.

Natiq Mirinin sözlərinə görə, İsveçin Alyansa üzvlüyünə Türkiyə tərəfindən yaradılan əngəl ABŞ-Türkiyə, NATO-Türkiyə arasında zaman-zaman müəyyən gərginliklərə səbəb olub:

“Bütün bunlara rəğmən, Türkiyə həmişə özünün təhlükəsizlik maraqlarını ortaya qoyub. Ankara onillərdir təhlükə törədən PKK terrorunun İsveçdə bəslənməsi məsələsini qaldırıb. Qanunvericilik formasında bəzi tələblər yerinə yetirilsə də, PKK terrorçularının həbs edilərək Türkiyəyə verilməsi şərti yerinə yetirilmədi. Bu məsələni ABŞ bazarlıq predmentinə çevirdi: Türkiyənin İsveçin yolunu açacağı təqdirdə Ankaranın istədiyi F-16-ların modernləşdirilməsi  və satılması şərtini irəli sürdü. Bu istiqamətdə razılıq əldə olunsa da, modernləşdirilmiş F-16-ların Türkiyəyə verilməsi üfüqdə görünmür”.

Politoloqun fikrincə, İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq Türkiyəyə qlobal problemlər yaratmırdı:

“Türkiyə üçün böyük problemləri NATO üzrə strateji “müttəfiqləri” yaradıb. Bu gün Türkiyə NATO-ya daha çox lazımdır, nəinki NATO Türkiyəyə. Türkiyə İsveçə embarqo qoyanda konkret istəkləri var idi. Lakin F-16-ların satışı, Avropa Birliyinə üzvlük və İsveçdən terrorla bağlı konkret tələbləri yerinə yetirilməyib”.

Safura Bənnayeva
Globalinfo.az