Rusiya Qarabağla bağlı tarixi qərar astanasında – Kritik vaxt

Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzinin RBK televiziya kanalına müsahibəsində “Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq” deyib.

Maraqlıdır, onun bu açıqlaması nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Mixail Qaluzinin açıqlamasını cavabsız qoymaq olmaz:

Elxan Şahinoğlu

“Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Qaluzinin bu sözlərinə cavab verilməlidir. Faktiki olaraq bu gün Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin davam etməsinə ehtiyac qalmayıb.

Məsələ burasındadır ki, sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil. Kreml bu yolla yenə nəbzimizi yoxlayır. Deməli, Kremlin Qaluzin vasitəsilə bizə göndərdiyi mesaj cavabsız qalmamalıdır.

Cavab mesajında Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Valday konfransında Qarabağla bağlı dediyi “məsələ bitdi” fikri də xatırladılmalıdır”.

Xatırladaq ki, son günlər Rusiya sülhməramlı kontingenti Qarabağda üst-üstə 5 məntəqəsini bağlayıb. Əksər rəylərə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra yaranmış reallıq fonunda Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. Bunun hətta 2025-ci ildən tez olacağı gözlənir.

Turan Rzayev
Globalinfo.az