Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edir? – Gözlənilməz proses başladı

Rusiya sülhməramlı kontingenti oktyabrın 5-də Qarabağda 3 postu tərk etdi. Bu addım rusların oradan çıxacağının ilkin əlaməti kimi təqdim edilir. Arqument budur ki, atəşkəsin pozulmasına səbəb olan amil aradan qalxıb, ona görə də sülhməramlılar vaxtından əvvəl oranı tərk edə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında yer alan Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlamasını sülhməramlıların bölgəni tərk etməsinin ilkin mərhələsi kimi xarakterizə edilə bilər:

“Azərbaycan separatçıları tərksilah edib və Azərbaycanın tərkib hissəsi olan Xankəndidə mərkəzi hakimiyyətin müəyyən strukturları fəaliyyətə başlayıb. Beləliklə də 10 noyabr bəyanatının 3-cü bəndi qüvvədən düşmüş sayılır. Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda “sülhməramlılarının missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi, orada sülhməramlıların başqa hüquqları yoxdur”, deməklə sülhməramlıların bölgəni tərk edəcəyinin anonsunu verdi.

Bir müddət öncə Putinin sözçüsü Peskov bildirmişdi ki, sülhməramlıların bölgədə qalmasını Rusiya yalnız Azərbaycanla müzakirə edə bilər. Düşünürəm ki, sülhməramlıların missiyası artıq bitib və Azərbaycanın hansısa formada onların burada qalma müddətini uzadacağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az