Pavel Durov telegram social media

“Telegram” qurucusu Pavel Durov beynəlxalq axtarışa verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumat yayıb.

Durova qarşı Rusiya Cinayət Məcəlləsinin “terror fəaliyyətinə yardım etmə” maddəsi ilə cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

FSB iddia edir ki, Ukrayna xüsusi xidmət orqanları “Telegram”da fəaliyyət göstərən “Dayvinçik/Leo – tanışlıq, ünsiyyət və yeni dostlar” adlı çat-botdan istifadə edərək gənc rusiyalıları diversiya və terror fəaliyyətinə cəlb ediblər.

Qurumun məlumatına görə, 2025-ci ilin iyul ayından etibarən Moskva, Sankt-Peterburq və digər şəhərlərdə yaşı 12-dən 22-yə qədər olan 46 Rusiya vətəndaşı saxlanılıb. İddiaya əsasən, onlar həmin çat-bot vasitəsilə Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və hüquq-mühafizə orqanlarına hücumlar, nəqliyyat və rabitə obyektlərinin yandırılması kimi diversiya əməlləri törədiblər.

Cinayət məsuliyyəti yaşına çatan şəxslərə artıq ittiham irəli sürülüb və onları uzunmüddətli həbs cəzası gözləyir.

“Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları sosial şəbəkələrdə özlərini qız kimi təqdim edərək gənclərlə tanış olub, onlardan kinoya bilet və ya hədiyyə almaq üçün fişinq keçidləri vasitəsilə ödəniş etmələrini istəyiblər. Daha sonra isə həmin vəsaitin guya Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürüldüyünü bildirərək onları şantaj edib, hücumlar və yanğınlar törətməyə sövq ediblər”, – deyə FSB qeyd edib.

Məlumata görə, “Dayvinçik / Leo – tanışlıq, ünsiyyət və yeni dostlar” çat-botu 23 dekabr 2025-ci ildə qadağan olunmuş informasiya yaydığı üçün Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidmətinin (Roskomnadzor) qadağan edilmiş saytlar reyestrinə daxil edilib.

Qurum iddia edir ki, buna baxmayaraq “Telegram” rəhbərliyi həmin məlumatları, eləcə də Ukrayna xüsusi xidmət orqanları və terror təşkilatlarının diversiya, kütləvi qətllər və kiberdələduzluğun planlaşdırılması üçün istifadə etdiyi digər kanalları silməyib.

Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsinə əsasən, Pavel Durovu 8 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: