Qaluzinin Bakı-İrəvan mesajının şifrəsi: Kreml istəyir ki… – Politoloq

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Misirin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və tərəflər arasında sülhün əldə edilməsi üçün vasitəçiliyindən danışıb.

M.Qaluzin deyib ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.

Rusiyalı diplomatın sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.

O xatırladıb ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər komplekslərinə əsaslanır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya İrəvan və Bakı arasında özündən başqa heç bir ölkənin vasitəçilik etməsini istəmir:

Qabil Hüseynli

“Məsələ ondadır ki, iki ölkə arasında sülhün əldə edilə bilməməsində Rusiya faktoru diqqət çəkir. Yəni prosesin uzanmasının pərdəarxasında məhz Rusiya dayanır.

Kreml üçün iki ölkə arasında münaqişənin davamlı olması Rusiyanın Cənubi Qafqazı təsir dairəsində saxlaması deməkdir. Münaqişə bitəcəyi halda rəsmi Moskvanın regiona təsir imkanları da bitəcək. Buna görə də Kreml heç bir ölkənin vasitəçiliyini müsbət qarşılamır.

Mixail Qaluzinin Misir haqqında dedikləri də bunu təsdiqləyir. Prinsip etibarilə Misirin prosesdə iştirakı və vasitəçilik səyləri həm İrəvanın, həm də Bakının maraqlarına uyur. Yəni hər iki tərəf belə bir təşəbbüsə isti baxa bilər.

Misir kifayət qədər nüfuzlu və güclü ölkədir. Digər tərəfdən, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. təşkilatlar əməkdaşlıq edir.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu yaxınlarda həm Ermənistana, həm də Azərbaycana səfər etdi. Bu da öz növbəsində onu deməyə əsas verir ki, Qahirə də belə bir vasitəçilikdə maraqlıdır”.

Turan Rzayev
Globalinfo.az